FLAŞ


18 saat kabab həsrəti ilə yaşamaq


http://www.qafqazinfo.az/newsphotos/2015/09/12/seymur-verdizad.jpg

Seymur Verdizadə

Allah-Təalanın verdiyi gücün sayəsində müqəddəs Ramazan ayının yarısından çoxunu arxada qoyduq. Bilirəm, insanın oruc tutduğunu reklam etməsi yaxşı əməl sayılmır. Amma əsl jurnalist sözünü demək üçün bəzən özünü fəda etməyi bacarmalıdır. Şəxsən mənim təcrübəmdə belə hallar çox olub.

Biz nəfsimizi tərbiyə etmək, iradəmizi sınağa çəkmək, ən əsası isə, Allahın mərhəmətinə sığınmaq üçün oruc tuturuq. Oruc tutmaq bizə ona görə vacibdir ki, dünyadakı acların halından xəbərdar olaq, yəni, əlimizə keçəni mədəmizə doldurub, yalnız özümüz üçün yaşamayaq. İnsan mədəsinin qulu olmamalıdır. Kamil insan nəfsinə hakim olmalı, bir qarın yemək üçün ləyaqətini alçaltmamalıdır. Müqəddəs Ramazan ayı bu keyfiyyətlərə sahib olmaq üçün bizə bol şans verir.

Etiraf etmək lazımdır ki, nə qədər deyilsə və yazılsa da, iftar süfrələrində hələ də israfçılığa yol veririk. Azərbaycanda iftar mərasimləri toy məclislərindən bir o qədər də fərqlənmir. İnsanlar toyda olduğu kimi, iftar süfrələrində də bir yerdə yeyilməsi mümkün olmayan qidaları həzmi-rabedən keçirib, sonra da mədə ağrılarından şikayətlənməyə başlayırlar. Bir neçə gün əvvəl gözəl Astara torpağında qonaq idim. Düz üç gün sadə və zəhmətkeş astaralıların qayğısı ilə əhatə olundum. Orucumu el ağsaqqalı Hacı Əsgərin dağdan gətirdiyi balla açırdım. Masada həmişə Həbib müəllimin tədarük etdiyi camış yağı, pendir, qatıq, süd olurdu. Tofiq müəllim süfrəyə o qədər yemək düzdürürdü ki, hardan başlayıb, harda qurtaracağımızı bilmirdik. Aydın məsələdir ki, bütün bu naz-nemət təkcə mənim üçün deyildi. Ətrafda oruc tutan insanlar da iftar vaxtı masa arxasında cəm olurdular. Təvazökarlıqdan uzaq olsa da yazacağam: masada barmaq basmağa yer olmasa da, mən bir kasa sup, iki dilim çörəklə kifayətlənirdim. Nə olsun ki, çoxillik dostum olan TUMİB başqanı Çingiz Bayramov gündə beş dəfə gözümün qabağında yemək yeyir, dana ətini keçi ətinə qarışdırır, göz yaşı kimi dupduru bulaq suyunu dolça ilə içirdi. Oruc tutmaq insana başqalarının ağzını güdmək səlahiyyəti vermir. Biz nəfsimizə hakim olmaq üçün oruc tutur, bu yolla həm də insanların ehtiyacı olan zəruri ərzaq məhsullarına qənaət etməyə çalışırıq. Somalidə bir Allah bəndəsinə bir ay çatacaq ərzağı iki saatda qarnımıza doldurmaq nə Allaha xoş gedər, nə də bəndəyə.

Bakının Sulutəpə qəsəbəsində yaşayan bir tanışım Ramazan ayının altıncı günü məni evlərinə iftar yeməyinə dəvət etmişdi. Uzaqdan tanışımın şüşəbəndli evi görünəndə, burnumu kabab qoxusu qıcıqlandırmağa başladı. Həyətə daxil olanda gördüm ki, başı bədənindən çoxdan ayrılmış quzunun ətinin yarısı ağacdan asılıb, yarısı da şişdə qızarır. İftar vaxtı masa arxasında mənimlə yanaşı, ev sahibinin oruc tutan üç qardaşı da əyləşmişdi. Mənim yediyim bir-iki tikəni nəzərə almasaq, dörd qardaş həmin gün bir quzunu həzmi-rabedən keçirib, ayağa qalxdılar. Həmin vaxt beynimdə ancaq bir fikir dolaşırdı: bu adamlar 18 saat ac qalmağa ona görə razı olublar ki, axşam doyunca kabab yesinlər...

Demək istədiyim odur ki, bir oturuma beş nəfərin yeməyini tıxışdıran adam ömrünün sonuna kimi oruc tutsa da, yenə ac insanların halını anlamayacaq...

Qafqazinfo.az