FLAŞ


Novxanıdan Sibirə: 9 il Moskvada nazir işləmiş bakılı balasının HEKAYƏTİ


http://news.lent.az/upload/images/news/2016/june/24/big/4b462d553187812ba55f3baffeb39923.jpg
I YAZI

Bu kənd həmişə maraqlı gəlib mənə. Təkcə lacivərdi sahili, ağ, qara şanısı ilə yox. 20 əsrdə bu kənddən bütün Azərbaycanın və keçmiş SSRİ-nin çox yaxı tanıdığı 4 böyük şəxsiyyət çıxıb. Tamamilə bir-birindən fərqli dünyagörüşünə malik, tamamilə başqa-başqa yolun, peşənin adamları. Məmmədəmin Rəsulzadə, Mehdi Hüseynzadə, Lotu Bəxtiyar, Sabit Orucov. Sonuncunun adı bəlkə də populyarlığına görə o birilərindən geri qalır. Amma bu kənddə, Novxanıda anadan olmuş Sabit Atababaoğlunu zamanında bütün dünyada tanıyırdılar. ABŞ-da, Kanadada, Yaponiyada, İngiltərədə, Çində, İranda da, hər yerdə. Harada neft-qaz çıxırdı, orada.

Onun adına Bakıda küçə var. Rusiyanın neft, qazla zəngin Urenqoy şəhərində yerləşən qaz hasilatı üzrə ən böyük istehsalat birliyinə onun adı verilib. Nadım şəhərində də bulvar onun adını daşıyır. Eləcə də böyük bir gəmi. Özbəkistanın Xivə şəhərində isə adına məktəb var. Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulub Sabit Orucovun...

***

1912-ci il mayın 30-da fəhlə Atababa kişinin ailəsində anadan olmuşdu. Orta təhsilini də Bakıda almışdı. Sonradan, 1931-ci ildə Azərbaycan Neft Sənayesi İnstitutuna daxil olmuşdu. Təhsilini başa vuran kimi Suraxanı mədənlərinə, kompressor mexaniki işinə düzəlmişdi. O vaxt heç kimin ağlına da gəlməzdi ki, vaxt gələcək, 24 yaşlı mexanik Orucov Sosialist Əməyi Qəhrəmanı olacaq, bir dəfə Lenin, iki dəfə Stalin mükafatı alacaq və nə az, nə çox - düz 9 il dünyanın ən böyük dövlətinin ən böyük nazirliklərindən birinə rəhbərlik edəcəkdi.


***
 

Zaman 1949-cu ilin 7 noyabrı. Bütün dünya Azərbaycan neftçilərinin tarixdə misli görünməmiş bir fədakarlığından xəbər tutur. İlk dəfə dənizin dibindən neft çıxarılır. Bakılı neftçi Mixail Kaveroçkinin rəhbərlik etdiyi briqadanın qazdığı 942 metr dərinlikdəki quyudan neft fəvvarə kimi vurur. Özü də gündə 100 ton! Əslində, Bakı Moskvanı inandırmışdı ki, dənizin dibində neft var, bura sərmayə qoymaq olar. Moskva tərəddüd etsə də, 37 yaşlı novxanılı balasının israrları qarşısında geri çəkilmişdi. Gələcəyin Neft Daşlarında neft axtarmağa qərar vermişdi.

Hələ dənizdə ilk neft fontanının vurmasına 2 il qalırdı. “Azərneftkəşfiyyat” Birliyinə yeni rəhbər təyin olunan Sabit Orucovun rəhbərlik etdiyi ekspedisiya Bakıdan 130 km aralıda, dənizin ortasında iri neft yataqlarının olması barədə müsbət rəy verir. Qalır bircə quyunu qazmaq. Yerdə qalanını isə Kaveroçkinin briqadası edir. Həm özü, həm də gələcəyin Neft Daşları Ginnesin Rekordlar Kitabına düşür. Elə cavan, gələcəyin naziri Sabit Orucov da. Bu yerdə bir qədər irəli qaçaq. Təsəvvür edin, bu gün neft-qaz istehsal edən neçə ölkənin iqtisadiyyatı məhz onun kəşf etdiyi neft-qaz yataqlarının hesabına ayaqdadır.

Sayaqmı? Sayaq...

Qərbi Sibirin Tümen vilayətinin unikal karbohidrogen mənbələri, Uzaq Şərqdə “Tunqorskoye”, Türkmənistanda “Açaq”, “Ququrtlu”, “Şatlık”, Özbəkistanda “Şurtan”, “Qazli”, “Mübarək”, Qazaxıstanda “Qaraçaqanak”, “Tengiz”, Ukraynada “Şebelinka”, Komidə “Vuktıl”, Ural-Volqaətrafı neft-qaz regionunun, Başqırdıstanın, Şimali Qafqazın, Krasnodar, Stavropol, Həştərxan vilayətlərinin yataqlarının kəşfi. Bu hələ siyahının hamısı deyil. Amma bütün bunlar hələ sonradan olacaqdı. Hələ ki Neft Daşlarındakı uğurdan sonra o, Moskvaya çağırılmışdı. Birbaşa yoldaş Stalinin yanına.

Orada gənc Sabitə SSRİ-nin Cənub və Qərb Rayonları üzrə Baş Neftçıxarma İdarəsinin şöbə rəisi vəzifəsi təklif olunur. Sabitin razılaşmaqdan başqa əlacı almır. Çox keçmir ki, Sabit Orucov “Krasnodarneft” birliyi rəisinin birinci müavini vəzifəsinə təyinat alır. Müharibənin fəsadlarının hələ də aradan qalxmadığı Krasnodarda Orucov qısa müddət ərzində əksər keçmiş mədənləri işə sala bilir. Krasnodarda neft istehsalı əvvəlki vəziyyətindən də yuxarı qalxır. Moskvada onu fəaliyyətini yüksək qiymətləndirirlər. Deyilənə görə, bu barədə Stalinə məruzə edəndə o, tərəddüd etmədən Orucovu dövlət mükafatına layiq görülməsi barədə göstəriş verir. Özü də Stalin mükafatına. Orucov ikinci dəfə də bu mükafatı alacaqdı. Bu dəfə dənizdə neft hasilatının artırılmasıyla bağlı gördüyü işlərə görə… 1951-ci ildə. Neftlə dolu, allah bilir, neçənci tanker Neft Daşlarından sahilə yola salınandan sonra…

Elə həmin ilin martında Sabit Orucov SSRİ neft nazirinin birinci müavini təyin olunur. Düz 5 il bu vəzifəni daşıyır. 1956-cı ildə Moskva Orucovu Bakıya, Azərbaycana göndərir. Sabit Orucov Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini təyin olunur. O vaxtkı Azərbaycan rəhbərliyi respublikanın ən strateji sahəsini, neft-qaz istehsalını məhz onunu kurasiyasına verir. Orucov burada da yüksək təşkilatçılıq qabiliyyəti göstərir. Az keçmir ki, onu yenidən Moskvaya çağırırlar. Bu dəfə Sibirə göndərmək üçün...

Xruşşov onu SSRİ Energetika sənayesinin birinci müavini təyin etmişdi. Qarşısına isə elə bil vəzifə qoyulmuşdu ki, bunun axırı…elə ömrünün sonuna qədər Sibirdə qalmaqla nəticələnə bilərdi. Vəzifədə yox, təbii. Dəmir barmaqlıqlar arasında. Çünki Moskva Sibirə fantastik məbləğdə vəsait ayırmışdı. Bu vəsaitin batması ölkə iqtisadiyyatını, özü də planlı bir iqtisadiyyatı çökdürə bilərdi. Ölkəyə qaz lazım idi. Sovet geoloqları da Xruşşovu inandırmışdılar ki, arzu olunan qaz məhz Sibirdədir. O qazı isə yalnız Orucov tapa bilər…(davamı olacaq)

Lent.az