FLAŞ


Vatsapın öldürdüyü qızlar


http://kulis.lent.az/upload/images/news/2016/june/10/big/f05d85f775a060527dee4e345b72b32e.JPG

İki gün əvvəl intihar hadisəsi baş verib. Pirallahı rayonunun Gürgən qəsəbəsində yaşayan 14 yaşlı Səbinə Əhmədli özünü asıb.

Səbəb: Qızcığazın anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb, evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.

Bu yaxında Emrah Serbesin “Erken kaybedenler” adlı hekayələr kitabını oxudum. Kitabda yeniyetməlik dövrünə girən oğlan uşaqlarından bəhs olunur. Serbes yeniyetməlik yaşı çətinliklərini yaşayan oğlan uşaqlarının problemlərini, psixoloji durumlarını mükəmməl verib. Bu yaşda uşaqlar problemli olurlar, təkcə fizioloji deyil, psixoloji olaraq da böyüyürlər, dəyişirlər. Onlarla olduqca həssas davranmaq lazımdır.

Son illərdə həyatımız ağlagəlməz dərəcədə dəyişib. Mobil telefonlar var, internet var, sosial şəbəkələr var. Ünsiyyət formaları dəyişib. İnsanlar bir-birinə əlçatan olub. Məsələn, əgər yüz il əvvəl bir qızın bir oğlanla ünsiyyət qurmasını, danışmasını düşünmək hardasa mümkünsüz idisə, indi Vatsap, Feysbuk var və oğlanlarla qızlar istədiyi an, rahat ünsiyyət qura bilirlər.

Bəs bütün bu zahiri dəyişikliklərin fonunda daxilən dəyişə bilmişikmi? Yenilənə bilmişikmi? Bu yeni həyat tərzinə adekvat yanaşma tapa bilmişikmi?

Bu günün 14 yaşlı qızı əlli il əvvəlinki deyil.

İl olub 2016. Bizim qız uşağına, ümumiyyətlə övlad tərbiyəsinə münasibətimiz hələ də dəyişməyib, 100 il əvvəl necə idisə o cür də qalıb. Hələ arada nadancasına öyünürük də: “Babalarımız uşağı belə tərbiyə edirdi”.

Cibimizdə son model telefon, beynimizdə fayton dövrünün təfəkkürü. Bu təfəkkürlə, bu yanaşmayla faciələrə gedirik.

14 yaşlı qızına mobil telefon verməyi rəva bilən ana, özünə bir az da əziyyət verib uşaq tərbiyələndirmənin müasir yönləri barədə bir-iki məqalə oxusaydı, bu faciə yaşanmazdı.

Təkcə həyatımız sürətlə dəyişmir, nəsillər də sürətlə dəyişirlər. Əgər ötən əsrdə bir-birindən 20 il fərqlə doğulan iki nəsil arasında böyük fərq yox idisə, indi belə deyil. İndi 1990-cı ildə doğulanlarla 2000-ci illərdə doğulanlar arasında köklü fərqlər var. Z nəsli adlanan bu yeni generasiya artıq küçələrdə deyil, sosial şəbəkələrdə formalaşır. Alimlər bu mövzuda araşdırmalar aparırlar, nəsillərin düşüncəsini, psixologiyasını öyrənirlər.

Bu yeniliklərdən xəbərdar olmasaq, uşaqlarımıza yanaşmamız mobil telefon erasını nağıl bilən babalarımızdan o yana keçməsə hələ çox faciələr yaşayacağıq, hələ çox balalarımızı bada verəcəyik. 

 

Lent.az