FLAŞ


Qarabağ danışıqlarında kritik ay başladı – dönüş, yoxsa döyüş...


http://musavat.com/data/largenews/dir322/img1940825.jpg
Vyana görüşündən sonra Qarabağ danışıqlarında böyük ümid bəslənilən iyun ayı başladı. Məhz bu ay həmsədrlər apreldəki döyüşlərdən sonra sülh prosesinin bərpasının davamlı olması üçün Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti birbaşa təmasın baş tutacağına ümid edirlər. 
 
Vyana danışıqlarından az sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda da iyun ayı bu xüsusda önəmli bir period kimi təqdim olunur. Ancaq Azərbaycan tərəfi artıq bəyan edib ki, görüş xətrinə görüşlərdə, status-kvonu işğalçının xeyrinə süni şəkildə uzatmağa xidmət edən təmaslarda iştirak eləmək niyyətində deyil və belə təmaslarda heç bir fayda görmür. 
 
Təcavüzkar ölkəni isə belə görünür ki, iyun görüşlərindən öz gözləntisi var.
Məsələ ondadır ki, 4 günlük müharibədə acınacaqlı məğlubiyyətlə üzləşən işğalçı tərəf iyun danışıqları ərəfəsi daxili auditoriyanı, erməni ictimai rəyini məşğul eləmək üçün isterik şəkildə “800 hektar ərazi” söhbətini ortaya atıb, danışıqlar ətrafındakı kövrək etimad atmosferinə tamamilə ziyanlı bir taktika seçib. Guya bu məsələ də qarşıdakı sülh danışıqlarının predmeti olacaq və hətta 1 sentyabra kimi “hansısa yolla” geri qaytarılacaq. 
 
Azərbaycan işğaldan azad elədiyi əraziləri təzədən Ermənistana verəcəkmiş. Əlbəttə ki, tam absurddur. Çünki 800 hektar torpaq da, ermənilərin əlindəki digər min kvadrat kilometrlərlə ərazilər də Azərbaycana məxsusdur. Azərbaycan nəinki aldığı torpaqları geri qaytarmaq fikrində deyil və ola bilməz, əksinə, Ermənistan qeyri-konstruktiv mövqe tutmaqda davam edərsə, yerdə qalan ərazilərini də işğaldan azad eləməkdə qətiyyətlidir.
 
*** 
“800 hektar söhbəti” Ermənistanın iyun danışıqlarına, prezidentlərin nəzərdə tutulan görüşünə münasibətinin, bu görüşə nə ilə gedəcəyinin bir anonsu sayıla bilər. Bir çox ekspertlər də hesab edir ki, əslində rəsmi İrəvan qarşıdakı görüşün belə tezliklə baş tutmasında maraqlı deyil, çünki öz tərəfindən real güzəştlərin, əraziləri azad eləməyin vaxtı çatdığını anlayır. Bu isə indiki Ermənistan hakimiyyətinin, Sərkisyan rejiminin süqutu deməkdir. O üzdən İrəvan bacardıqca status-kvonu uzatmağa, danışıqlarda diqqətin yalnız təmas xəttində monitorinqi və nəzarəti gücləndirmək mexanizmlərinə yönəltməsinə çalışır.  
 
      
“Problem ondadır ki, Ermənistanın Qarabağa dair özünün az-çox inandığı bir nizamlama planı - hansı planla ki, Sərkisyan azərbaycanlı həmkarının görüşünə gələ bilsin - yoxdur. İrəvanın konstruktiv təkliflər zənbili tamamilə boşdur. Bu zənbildə heç vaxt sağlam, işlək ideyalar olmayıb. İndi isə erməni isteblişmenti, ümumiyyətlə, hansısa təklif izhar eləmək gücündə deyil, ona görə ki, onu qorxu hissi sarıb - elementar, faktiki surətdə heyvani qorxu hissi”.
 
Bu sözlər ABŞ-Azərbaycan İnkişafa Dəstək Fonunun baş eksperti Aleksandr Sinitsinın vesti.az-dakı analitik məqaləsindəndir. Müəllif yazır: “Hələ lap yaxınlarda üçüncü ölkələrdən olan ekspertlər bir nəfər kimi iddia edirdilər ki, əgər Serj Sərkisyan 4 günlük müharibə zamanı ərazi itkisini etiraf eləsə, o zaman qəzəbli erməni cəmiyyəti Ermənistan rəhbərliyini hakimiyyətdən silib atacaq, ordu coşacaq, xalq imkan verməyəcək və s. və i.a. Nə oldu bəs? Xalq susdu, rəsmi şəxslər, o sırada hərbçilər isə bir-birini inandırmağa çalışdılar ki, həmin ərazilər əhəmiyyətsiz imiş və ümumiyyətlə, onları sakit vicdanla unutmaq olar”.
 
 
Ekspertin əminliyinə görə, tək səbəb ermənilərdə yaranmış qorxu hissidir: “Ermənilər daha vuruşmaq istəmirlər. Məhz buna görə də həm prezident Serj Sərkisyan, həm müdafiə naziri Seyran Ohanyan, həm də baş erməni diplomatı Edvard Nalbəndyan isterik şəkildə bütün dünyadan hansısa təhlükəsizlik qarantları tələb edirlər. Bu isterika 4 günlük müharibənin ilk günlərindəcə başlamışdı. O vaxt Sərkisyan ”Bloomberg" agentliyinə müsahibəsində demişdi ki, əgər həmin qarantlar olmasa, Ermənistan danışıqlar prosesindən çıxacaq. Bəs indi hara yox oldu ermənilərin bu davakarlığı və lovğalığı? Paradoks da ondadır ki, 4 günlük müharibəni tər-təmiz uduzan Ermənistan ATƏT-in əli ilə Azərbaycanı güc yolu ilə öz ərazi bütövlüyünü bərpa eləmək hüququndan məhrum eləmək istəyir - hansı yoldan ki, Bakı heç vaxt imtina eləməyib".
 
Analitik əmindir ki, “nizamlamanın” bu variantı qəti şəkildə Azərbaycan üçün qəbuledilməzdir: “Amma İrəvan Bakıya başqa bir şey təklif edə bilmir. Təəssüf ki, erməni hakim elitası anlaqlığın işarəsini belə itirib. Odur ki, heç cür təsəvvürə gətirmək olmur ki, iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hansı şərtlərdə baş tuta bilər. Bakının mövqeyi indi kifayət qədər güclüdür. Bu mövqe ona imkan verir ki, yalnız hansısa diplomatik ”qaloçka" xətrinə belə sammitə getməsin".
 
*** 
Bununla belə, iyunla bağlı bəzi nikbin ehtimallar da səslənməkdədir. Bütün hallarda Qarabağ danışıqları üçün kritik sayılan bir ay - iyun artıq başlayıb. Nəticədən, İrəvanın özünü necə aparmasından  asılı olmayaraq Azərbaycan həmişəki kimi, vaxt itirmədən özünün hərbi potensialını durmadan artırmalı, müharibə olmasa belə, işğalçı ölkənin hərbi güclə təhdidinə davam etməlidir.
 
Bundan ötrü Azərbaycanın qardaş Türkiyə ilə hərbi əməkdaşlığı, ortaq hərbi təlimlər indi heç vaxt olmadığı qədər böyük önəm daşıyır. Yeri gəlmişkən, iki ölkə hərbi qüvvələrinin mayın ikinci ongünlüyündə başlamış təlimlər mayın sonunda yekunlaşıb. Azərbaycan Silahlı Qüvvələri öz döyüş təcrübəsini bir qədərə də artırıb. 
 
Xəbər verildiyi kimi, “Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsində iştirak eləmək üçün Azərbaycanın müdafiə naziri Zakir Həsənov şəxsən Türkiyəyə gedib. Az öncə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, digər türk generallar, son olaraq isə Türkiyə müdafiə naziri ölkəmizdə səfərdə olmuşdular.
 
Bəllidir ki, bu kimi səfərlərin quruca baş tutması belə, işğalçı Ermənistanı ciddi narahat edir. Lakin bu, erməni tərəfinin problemidir. Düşmən, nəhayət, anlamalıdır ki, zəbt etdiyi yad torpaqlardan tezliklə çəkilməsə, bunu ona zorla etdirəcəklər və Azərbaycan ərazisi gec-tez işğalçılar üçün məzar yerinə, son mənzilə çevriləcək. 
 
*     *    * 
Bu arada Ermənistanda 4 günlük müharibədəki uğursuzluğa görə Müdafiə Nazirliyinin rəhbərliyində həbslərin genişlənməsi barədə xəbər yayılıb. Məlumatı Ermənistan İstintaq Komitəsi yayıb (virtualaz.org).
 
Məlumata əsasən, bəzi yüksək vəzifəli hərbçilər ötən axşam həbs edilib. “Rəsmən təsdiq edirəm ki, mayın 30-da axşam general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan həbs olunublar. Həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir” - İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan bildirib.
 
Xatırladaq ki, general Mels Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi olub. O, bir neçə gün əvvəl işdən azad edilmişdi. Mayın 18-də isə Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan həbs olunub. Habelə aprelin sonlarında Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub. 
 
Müdafiə Nazirliyinin rəhbərliyində bu işdən qovulmalar və həbslər aprelin əvvəllərində Qarabağa gedən 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətlə bağlıdır. Habelə bu hərbi əməliyyatlar zamanı qaçıb gizlənən, ancaq döyüşlər dayanandan sonra üzə çıxan erməni polkovnik, Mataqik polkunun komandiri Arutyun Əmirxanyan işdən azad edilib. O, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun qohumudur.(musavat.com)