FLAŞ


Manat iyunda yenidən dəyərdən düşə bilər


http://musavat.com/data/largenews/dir360/img2091284.jpg

Əksər ekspertlər devalvasiya təhlükəsinin olduğu qənaətindədir; kəskin məzənnə dəyişikliyi də istisna deyil...

 
Manatla bağlı yeni iddialar gündəmdədir. Bildirilir ki, manatın məzənnəsinin möhkəmləndirilməsi və bunun süni şəkildə, inzibati yollarla həyata keçirilməsi növbəti devalvasiyadan qorunma cəhdidir. Həmçinin əksər ekspertlər devalvasiya təhlükəsinin ciddi olduğu qənətindədirlər. Bildirilir ki, bir neçə aya devalvasiya olacağı ehtimalı güclüdür. 
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, ölkədə dolların kursunun aşağı salınması növbəti devalvasiya öncəsi bir vəziyyət ola bilər: “Ola bilər ki, tezliklə növbəti devalvasiya olacaq. Elə kəskin devalvasiya olmaya da bilər. İndiki məzənnə sünidir, inzibati yolla müəyyən edilən məzənnədir. Yalnız ona görə mümkün olub ki, dövriyyədə milli valyuta azdır. Mərkəzi Bank da məhz əhalidə olan dolları yığmaq üçün bunu edir. Aydındır ki, bu dəqiqə çoxlarına əməliyyat aparmaq, ödəniş etmək üçün manat lazımdır. Buna görə də hamı məcburdur ki, yığdığı dolları milli valyutaya dəyişib də ödənişlərini etsin. Bu da Mərkəzi Banka sərf edir. Aşağı kursu müəyyənləşdirib ki, dolları ucuz qiymətlə əhalidən alsın. Bu da ona görə mümkün olur ki, milli valyuta kütləsini Mərkəzi Bank artırmır, azaldır. Amma əvvəl- axır artırmağa məcbur olacaq. Manat kütləsini artırmağın da yolu bəllidir, banklara milli valyutada borc verməlidir. Mərkəzi Bank banklara kreditlər verəcək, verməyə bilməz. Çünki Mərkəzi Bank banklara kreditlər verməzsə, iqtisadiyyatımızın vəziyyəti daha da pisləşəcək. Kredit veriləndən sonra dolların qiyməti yenə də qalxacaq. O cümlədən biz indi gözləyirik ki, gələn ay ərzində ABŞ-ın Federal Ehtiyat Sistemi dollar kreditləri üzrə uçot dərəcəsini də artıracaq. Həmçinin neftin də qiymətinin yaxın gələcəkdə aşağı düşməsi gözlənilir. Çünki İran, İraq, Səudiyyə Ərəbistanı da neft hasilatlarını artırırlar. Yəni bu şəraitdə milli valyutamızın indiki məzənnədə qalması mümkün deyil. Bir neçə ay ərzində dolların məzənnəsi qalxacaq. Bəlkə gələn ayın axırına kimi qalxacaq. Hətta kəskin artım ola bilər. Əgər Mərkəzi Bank milli valyuta kütləsini xeyli artırmalı olsa, kəskin qalxma olacaq”. 
 
Ekspert Vüqar Bayramov isə bildirib ki, məsələ heç də devalvasiya ilə nisbətdə manatın dəyər qazanma faizinin böyük olmaması deyil. Həmçinin bu möhkəmlənmədə bazarın nə qədər rol oynaması ilə bağlıdır... 
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı: “Dörd faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər Mərkəzi Bank təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də belə milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda milli valyutanın gələcək məzənnəsi ilə bağlı biznesdə qeyri-müəyyənlik qalacaq. Aydındır ki, Mərkəzi Bank inzibati metodlarla prosesi uzun müddət apara bilməz. İdxalın artması halında yenidən dollara tələb yüksələcək. Digər tərəfdən, ”isti pullar" real sektorun canlandırılmasının əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddətdən sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir".
 
Ekspertin sözlərinə görə, bu baxımdan, manatın gələcək taleyini belə ümumilləşdirmək olar: “Mövcud iqtisadi qanunlarla milli valyuta uzun müddət möhkəmlənə bilməz. Mərkəzi Bank inzibati metodlardan yalnız qısamüddətli dövrdə faydalana bilər. Real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələb yüksələ bilər. Enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barelinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmasa da əgər xarici müdaxilələr olmazsa güman olunur ki, qiymət 50 dollar ətrafında stabilləşə bilər. Apardığımız müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişaf baxımdan vacib olmaqla yanaşı, xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək. FES iyunda uçot stavkasını artırarsa, manata psixoloji təzyiq formalaşacaq və bu zaman inzibati metodlar zəifləyəcəyi halda dollar ölkəmizdə yenidən dəyər qazanmağa başlaya bilər. Nəhayət, Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşdirilməsində aparıcı olacaq”.