FLAŞ


Ölkənin ən məlumatlı politoloqu müharibə anonsu verdi


http://musavat.com/data/largenews/dir353/img2063218.jpg

Eldar Namazov həmsədrlərlə söhbətdə nələrdən danışıb; onu işğala son qoyulması üçün savaşın qaçılmaz olması qənaətinə gətirən səbəblər...

 

Tanımış politoloq, Qarabağ danışıqlarında sabiq prezident Heydər Əliyevin xüsusi nümayəndəsi olmuş Eldar Namazov  ötən həftə “Novosti Azerbaydjana” portalına müsahibəsində Qarabağın işğaldan azad edilməsinə dair danışıqların detallarından, işğala son qoyulmasının yollarından danışıb. 
 
O, “Qarabağ konfliktində hansısa kompromis mümkündürmü? Referendum olmalıdırmı, ya yox” sualına cavabında deyib ki,   bu, həlledici məsələdir. Məhz buna görə də “Madrid prinsipləri” razılaşdırılmayıb. Çünki tərəflər referendumla bağlı anlaşa bilməyib. 
 
Bu mövzunun nə qədər dolaşıq olduğunu göstərmək üçün politoloq tarixə ekskurs edib və nəticə olaraq qənaətini bölüşüb:“Hazırda Qərb ekspertləri və diplomatları ilə işə istinad edərək deyə bilərəm ki, referendum məsələsi üzrə anlaşmaq mümkünsüzdür”. 
 
Bunun səbəblərindən danışan E.Namazov qeyd edib ki, indiki şəraitdə referendum məsələsində anlaşma, sadəcə, utopiyadır və danışıqlar prosesini “bloka” alınmasına xidmət edir: “Bu məsələ sülh sazişi imzalamağa və konfliktin mərhələli şəkildə nizamlanmasına başlamağa imkan vermir. Başqa beynəlxalq təcrübədən istifadə eləmək lazımdır. Bu da ondan ibarət olmalıdır ki, referendum  say çoxluğu ilə statusun  müəyyən edilməsi demək olmamalıdır. Çünki onun harada keçiriləcəyi, kimin iştirak edəcəyi ilə bağlı anlaşma əldə etmək mümkün deyil. Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinin  ratifikasiyası olaraq, referendum keçirmək olar. Təxminən Kiprin  məsələsindəki kimi: öncə sülh planı hazırlanır, sonra ayrıca Kiprin yunan və türk kəsimində referendum keçirilir. Həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması - mərhələli plandır. Hansı plana görə ki, həm işğal altındakı ərazilər azad edilir, həm köçkünlər qayıdır, həm Dağlıq Qarabağa təhlükəsizlik qarantı verilir və Qarabağla Ermənistan arasında dəhliz gözlənilir və sərhədlər açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Yekun olaraq bu məsələ eyni vaxtda  Azərbaycan və Ermənistanda, Dağlıq Qarabağda referenduma çıxarıla,  eyni vaxtda səsvermə ilə təsdiqlənə bilərdi. Ona görə də referendum məsələsinə yanaşmanı məhz indi dəyişmək lazımdır”.
 
“Kerri və Lavrovun iştirak elədiyi Vyana görüşünü necə qiymətləndirirsiniz? İşğal altındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü” sualını isə o, belə cavablandırıb: “Bu, 4 günlük müharibədən sonra ilk görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil, ona görə ki, Ermənistan bu mövqedən çıxış edirdi ki, o, müharibənin qalibidir və əgər Azərbaycan münaqişəni hərb yolu ilə həll eləməyə cəhd eləsə, guya onların ”məğlubedilməz" ordusu Gəncəyə və Bakıya çatacaq. Ona görə də ermənilər heç bir güzəştə getmir və Bakının diplomatik kapitulyasiyasını tələb edirdilər. 
 
4 günlük müharibə zamanı Azərbaycan ordusu göstərdi ki, siyasi razılaşma  olmasa, o, öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir. O üzdən düşünürəm ki, erməni tərəfi və vasitəçilər öz mövqeyinə korrektə etməlidirlər. İndi problemin paket həll imkanları yoxdur, çünki bu, eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Münaqişənin 22 il dondurulması isə artıq müharibəyə gətirib. Bu da o deməkdir ki, status-kvo davam edə bilməz. Beynəlxalq vasitəçilər də eyni şeyi bəyan edir. Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da mərhələli həll. Və çox vacibdir ki, tərəflər mərhələli nizamlama ilə bağlı razılığa gəlsinlər - hansı planı ki, yeganə həll yolu kimi vaxtilə Bakı və İrəvan dəstəkləmişdi. Əfsus ki, o zamanın dramatik hadisələri və Ermənistanda çevriliş hər şeyi alt-üst elədi. 
 
O vaxtdan 17 il keçib. Bu müddət göstərdi ki, mərhələli həll planının alternativi mövcud deyil. Danışıqlar prosesini dondurmaq cəhdləri edildi, ancaq bu, müharibəyə gətirdi. Odur ki, məsələdə seçim elə də böyük deyil: ya mərhələli həll, ya da müharibə"...
 
Nəzərə çatdıraq ki, Eldar Namazov Qarabağ danışıqlarına dair ən bilgili və bu prosesdə məmur olarkən rəsmi iştirak etmiş şəxsdir. O, bu gün də prosesin gedişatından ictimai fiqur olaraq kənarda deyil. 
 
Hələ 2013-cü il dekabrın 5-də ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Kiyevdə Azərbaycan və Ermənistan müxalifətinin təmsilçiləri ilə görüşmüşdü.
Görüşdə Azərbaycan müxalifətini EL hərəkatının sədri Eldar Namazov, Ermənistan müxalifətini Ermənistan Milli Konqresinin sədri David Şahnazaryan təmsil edib. 
 
O zaman E.Namazovun “Yeni Müsavat”a verdiyi xəbərdə bildirilirdi ki, belə bir formatda görüş Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik və Fransadan olan həmsədr Jak Forun təşəbbüsü ilə baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik də iştirak edib: “Görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparıldı. Problemin nizamlanmasına Azərbaycan və Ermənistan müxalifətinin baxışı bir daha dinlənildi. Fikir mübadiləsi zamanı biz öz mövqelərimizi həmsədrlərin diqqətinə çatdırdıq”... 
 
2016-cı il 2-5 apreldə cəbhədə baş verənlərdən az sonra “Yeni Müsavat”a verdiyi geniş müsahibəsində o deyib: “...Son iki ildə yeganə qatıldığım tədbirlər Qarabağ problemi ilə bağlı müəyyən tədbirlər olub. Son bir ayı götürsək, Minsk Qrupunun həmsədrləri ilə də, Böyük Britaniyanın Bakıda və İrəvandakı səfirləri ilə də görüşlərim olub. İrəvandakı səfirlə Tiflisdə görüşmüşəm. Avropa Birliyinin təmsilçiləri ilə görüşüm olub. Konkret sizin dediyiniz görüşlə bağlı deyim ki, Uorliklə yanaşı digər həmsədrlərlə də görüşmüşəm.  Çox məhdud sayda adamların iştirakı ilə görüş idi. Həmin görüşdən əvvəl də, sonra da təşkilatçılar bizdən xahiş eləmişdilər ki, bu görüşlər və müzakirələr haqda mediaya yalnız onların məlumat verməsi məqsədəuyğundur. Ona görə də öhdəliklər mənə bir az imkan vermir ki, bu haqda daha geniş danışım. Bir məsələni xüsusi qeyd edim ki, mənim sizinlə söhbətlərimdə, mediada Qarabağla bağlı verdiyim açıqlamalarla qapalı görüşlərdə ifadə etdiyim mövqe arasında heç bir fərq yoxdur. Mediada açıqladığım mövqeyimi əmin olun ki, bütün beynəlxalq təşkilatlarla görüşlərdə də ortaya qoyuram. Mən sonuncu görüşlərimdə də gördüm ki, müzakirələr artıq o həddə gəlib çatıb ki, açıq hərbi toqquşma ehtimalı çox yüksəkdir”...
 
O deyib ki, hələ toqquşmalardan əvvəl bunun baş verəcəyini proqnozlaşdırıbmış: “Mən martın ortalarında Tiflisdə həmin görüşlərdə iştirak etmişəm. Limitin tükəndiyini və hərbi toqquşmaların ortaya çıxacağını  şərtləndirən vəziyyət xeyli vaxt idi yetişirdi. Şəxsən mənim özüm sonuncu danışıqlarda çox sərt danışmışam. Qeyri-rəsmi müzakirələrdən sonra qeyri-rəsmi söhbətlər zamanı mən ermənilərə dedim ki, belə getsə, hərbi toqquşma qaçılmaz olacaq, Ermənistan geri addım atmalıdır. Ermənilərə bildirdim ki, atəşkəs razılaşmasına görə Azərbaycan 22 ildir öz üzərinə düşən şərtə riayət edir, ancaq 22 ildir Ermənistan ona aid olan şərtə riayət etmir, bir kənddən belə, qoşunlarını çəkmir. Ona görə ki, Ermənistan özünü qalib hesab edir və Azərbaycanın gücünün olmadığını hesab edir. Ermənilərin aprelin 1-dək düşüncəsi məhz belə olub ki, Azərbaycan ordusu 22 ildir mövcud olan vəziyyəti dəyişməyə cəhd eləsə, erməni ordusu gəlib Gəncəni də tutacaq. Mən mart ayında ermənilərə dedim ki, sizin bu mövqeyiniz Azərbaycana öz gücünü sizə sübut etməkdən başqa yol qoymur. Bəyan etmişdim ki, Azərbaycan ordusu güclüdür və güc tətbiq edib torpaqları erməni işğalından azad edə bilər”...
 
Faktlar, müşahidələr göstərir ki, E.Namazov Qarabağ məsələsində ən məlumatlı şəxslərdəndir. Onun növbəti açıqlaması da heç şübhəsiz ki, hansısa məlumatlara söykənir.