FLAŞ


“Oğlumun ölüsünü qucağıma alıb, xəstəxananı tərk elədim...”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/may/11/big/e8af326de41d21bddefc4277380ee8ee.jpg

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da...

I hissə: http://bolge.info/Home/Details/9022

II hissə: http://bolge.info/Home/Details/9284

III hissə: http://bolge.info/Home/Details/9934

IV hissə: http://bolge.info/Home/Details/9975

V hissə

Gülcamal çıxışda dayanmış ağ xalatlı qadınlardan birinin qucağındakı mavi bələkli körpəni görən kimi sanki bədənindən gizilti keçdi.

- Al! Bu da uşağın!

Bütün bədbəxtliklərə rəğmən, Gülcamal ana olmuşdu. Ürkək-ürkək körpəsini sinəsinə yaxınlaşdırdı. Erməni qadın nazik qaşlarını çatıb, gülümsəyərək cavab verdi:

- Nə gözləyirdin? Yoxsa türkə sağlam oğul verməliydik ki, sabah gəlib bizim günahsız insanlara güllə atsın? Mənim qadın qəlbim buna icazə verməzdi!

Bu qadın Aida Sergeyevna Serobyan idi. Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin tibb bacısı idi. 1992-ci il aprelin 14-də Qarabağa xüsusi “həkim qrup”ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstənin tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə göndərilmişdi...

Həmin vaxtdan Haterk “partizan” dəstəsinin “Artsax xilasetmə xidməti”ndə iştirak edirdi. Bu xidmət BQXC-a qapalı idi. Serobyan özü kimi “xüsusi təyinatlılarla” azərbaycanlı əsir və girovları Ermənistanda yaratdıqları “amputasiya otaqları”na göndərirdilər...

Aida Serobyan “Artsiv” terror dəstəsində də vuruşurdu. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də “sınaq təcrübələri” aparan Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melkonyanın dəstəsində də olub. Elə ilk döyüşdə əsir və girov götürdükləri azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə fərqləndiyindən, Melkonyan Serobyana qırmızı çanta hədiyyə etmişdi. Ermənilərin “Qarabağ müharibəsinin qadın siması” adlandırdıqları polkovnik Aida Serobyanın illər sonra etiraf edəcəkdi ki, çantasında həmişə özü üçün bir qumbara gizlədirmiş. Çünki həyatda ən çox qorxduğu əsir düşməkmiş...

1994-cü ildə Serobyan azərbaycanlı körpələri şikəst etməkdə fəal iştirakına görə “Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif ediləcəkdi...

***

- Öz uşağım idi, əlimi vuran kimi hiss elədim. Amma gördüm ki, uşaq ölü kimidir... Əvvəl elə bildim qucağıma uşağın meyitini büküb veriblər... Sanki əlimdə ölü körpə tutmuşdum... Məni uşaq xəstəxanasına gətirdilər. Qardaşlarım, əmim qızları Cəmiləgil hamısı xəstəxanada idilər... Onlar da baxan kimi dedilər bu uşağa nə isə ediblər... Uşaq nə əmzik götürürdü, nə qorxudan südüm var idi... BQXC yemək verirdi, elə onunla başını aldadırdıq...

- Yeni ana olmuşdunuz, sizə hər hansı bir xüsusi yanaşma var idi?

- Ürəkləri istəyəndə gəlib elə palatada döyüb, sürüyüb, çıxıb gedirdilər... Kim idi baxan ki, bu yaralıdı, bu zahıdı... Həkimlər də, tibb bacıları da döyürdü. Orada bir cəllad var idi, Edik Stepanyan!

- Girovları narkozsuz əməliyyat edən həkim...

- Bəli! Guya əməliyyat edirdi, ondan da əvvəl yaranın üstündən basıb gülləni daha da dərinə salır, sonra əlini salıb axtarırdı... Barmağı, qolu əlində çöp sındıran kimi tappıltı ilə qırırdı... Əlini yaranın içində elə tərpədirdi, gülləni elə axtarırdı, elə bil ki, cibində qəpik axtarır...

***

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva danışır:

- Yuvasında ana quş görmüsünüz? Anası olmayanda... yuvaya yaxınlaşan olanda quş balaları necə civildəşir...

- Sanki üsyan edirlər ki, hələ uça bilmirik, toxunma...

- Ay sağ ol! Bax, yük maşınında bizi atəşə tutanda körpə uşaqların səsi o civilti kimi qalıb qulağımda. Bilirəm, mən ölənə qədər də o səsi eşidəcəyəm...

- Şahnazın səsi necə...?

- Mən onun ölümünü gözümlə görməmişəm... Üz-üzə dayanmışdıq... Əlim çatmadı ki, yoxlayam...

Bacısı Validə xatırlayır:

- Maşında güllə dəysə də, Şahnaz ölməmişdi... Ölməmişdi... Onu sonradan görən olmuşdu...

Validə ağlayır, sözünə davam edə bilmir. Cəmilə davam edir:

- 11 güllə yarası almışdım. Sağ ayağım tamamən qırıq-qırıq olub, keçmişdi maşındakı cehizlərin arasına... Amma ən əsas sağ tərəfdən çox yaralanmışdım. Əmim arvadı İmarətin də başına güllə dəymişdi. Görkəmi dəhşətli idi, alnı tərəfdən başı deşilmişdi, oradan nəfəs alırdı...

Kiçik bacıları İlhamə xatırlayır:

- Mənə 2 güllə dəymişdi. Bacım Validəyə isə 3 güllə dəymişdi. Ombadan... sümüyü qırıq-qırıq idi... Xatırlayıram... Bizim maşını gülləyə tutdular, biz maşından töküldük, ah-nalə bir-birinə qarışmışdı... Bax, onda Validə məni kürəyinə alıb, özünü aşağı atmaq istədi...Ermənilər gördü ki, Validə özünü atmaq istəyir, onu nişan aldılar... Mən bacımın kürəyindən bərk-bərk yapışmışdım... Bacım isə yerə yıxılıb, “Ay qağa, yandım, yandım” deyirdi...

Validə: Cəmilənin ayağında sümükləri qırılıb, muncuq kimi şaqqıldayırdı... Ayağının topuqdan aşağı hissəsi əlimizdə oynayırdı. O həkim var idi, Edik Stepanyan. Cəmilənin ayağını tutub, torba kimi silkələdi, sümüklər şaqqıldadı...

- Edik Stepanyan Cəmilə xanımı da əməliyyat etdi?

- Boynunun dalından güllə girib qalmışdı içəridə. Əlini həmişə başının altına qoyurdu ki, yastıqdan aralı qalsın. Bir gün Edik Stepanyan gəldi... (Ağlayır...)

Cəmilə: Yanında da bir tibb bacısı... Əlində bir bint, bir də qayçı ilə gəlib dedi ki, səni əməliyyat edirəm... Edik qayçını başımın arxasına salıb, başladı oranı kəsməyə. İlahi, başın dərisi necə qalın olurmuş! Çətinliklə kəsilirdi. Görürdün ki, özü də əziyyət çəkir kəsməyə və buna necə sevinirdilər ki, çətin kəsilir, zülm çəkirəm...

Validə:  5.45-lik güllə idi, girib qalmışdı sümüklə dərinin arasında... Yazıq bacım, bir elə əzaba dözdü, amma düşmən qarşısında səsini çıxartmadı...

Ayağımı əməliyyat etmədilər. Edik bir dəfə özünü BQXC nümayəndələrinə göstərəndə gətirib ayağımdan daş asmışdı. Sonra isə bir qoca həkim – doktor Petrosyan gəlib o daşı açdı, ayağımı buraxdı... Girovluqdan qayıdanda bir ayağım o birindən 14 sm qısa idi...

Petrosyan ayağımı açıb buraxanda soruşdum bəs belə mənim ayağım qısalacaq axı. Mən necə yeriyəcəyəm? Gülə-gülə mənə baxıb, “Necə yeriyəcəksən ki? Axsayacaqsan!” dedi. Sonra da çox idbar bir formada axsayıb, ironiya ilə mənə “Bax, belə yeriyəcəksən!” dedi... Onda çox gənc idim... Təsəvvür edin, bu mənim üçün nə demək idi...

Validə xanım evi axtarıb, bir-bir əlinə keçən BQXC məktublarını gətirib masanın üzərinə düzür...

Validə: Bütün məktubları saxlayıram... O vaxt BQXC gələndə şəkillərimizi də çəkirdi...  

- Bu uşaq Nuranədir? Səmanın qızı?

İlhamə: Hə, mənim qucağımdadır. Onu qucağımda gəzdirirdim. Bu şəkildə də yeməyini təzəcə yedirmişdim, corabını geydirirdim ki, BQXC gəldi... Elə içəri girən kimi də şəklimizi çəkdi...

İlhamə: Ölümündən əvvəl Nurlanə “ana” deyib ağlayırdı, apardım Səmanın yanına. O vaxt hələ Nurlanənin gözləri görürdü, anasını tanıyırdı. Ağlayıb Səmanı qucaqlamaq istədi... Səma isə baxdı, baxdı, gözündən yaş axdı... Huşu özündə idi, qızını tanıdı, amma uşağı qucağına götürəcək halda deyildi... Bağrına basacaq halda deyildi... Hər iki gözündən yaş axdı... Mən uşaq idim, bununla belə çox pis oldum... Uşağı onun yanından uzaqlaşdırdım... Bu, sonuncu görüşləri oldu...

Validə: Səmanın meyitini o saat xüsusi kisəyə qoyub, “zamok”u çəkdilər. Yadıma gəlir, dedilər bunun yiyələri meyitini də olsa, alacaqlar. Yerinə də yaxşı pul, həm də diri əsir tapıb verəcəklər...Sonra bizim də iştirakımızla ekspertiza təşkil etdilər... Əmim oğlu Qoşqarı da çağırmışdılar. Onun da iştirakı ilə bədən ölçülərinə qədər yazıb, sənədləşdirdilər. Qoşqar da qol çəkmişdi o vaxt sənədə... Ondan bir müddət sonra isə Qoşqarı  atamla birlikdə Şuşa türməsinə aparmışdılar...

Cəmilə: Atam bu günə qədər yanımızda heç nə danışmayıb. Bilirik ki, çox döyülüb, ağır işlərdə işlədilib... Şuşa türməsində olanda qulağına taxta parçası ilə vurublar, o gündən qulağı batıb...

Validə:  Kişilər oturanda bir-birinə danışırlar... Bir dəfə bir nəfərə danışanda qapının arxasından eşitdim. Dedi ki, Şuşa türməsində zibillikdən itlərə atılan sümüyü axtarıb, tapıb, sümürürdük... Zibil qabından yeyirdik, dedi... Ürəyim parçalandı...

***

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev danışır:

- İki ay xəstəxanada qalandan sonra məni Şuşa türməsinə aparıb, yerimə Zöhrab adlı oğlanı gətirdilər. Elə bil ki, yerdəyişmə idi... Onu təzə əsir götürmüşdülər. O da ayağından yaralı idi... Mənim yaram isə nisbətən sağalmış kimi idi... Tamamən isə əsirlikdən qayıdandan sonra sağaldı... O halda da yığıb Şuşaya işlətməyə aparırdılar... Məhəmməd əmim ilə məni bir gündə apardılar... Həmin günü doğum günüm idi axı... 1 iyun...  Həbsxana rəisinin adı Armayis idi, Armu deyirdilər.  Azərbaycanca da yaxşı bilirdi. Amma heç vaxt danışmırdı... (ardı var)